Gürcüstanda parlament seçkilərinə start verildi

Dünya

26.10.2024 10:49

Gürcüstanda həlledici parlament seçkilərinə start verilib.

TodayPress xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələrinin qapıları açılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, gün ərzində qeydə alınmış 3 508 294 seçici öz hüququndan 3 111 seçki məntəqəsində istifadə edə biləcək. Bundan başqa Gürcüstan vətəndaşları Azərbaycan da daxil olmaqla 42 ölkədə yaradılmış 67 seçki məntəqəsində səs verə bilərlər. MSK-nın məlumatına görə, bu il təxminən 135 min seçici ilk dəfə səsvermə hüququndan istifadə edə biləcək.

Seçkilər Gürcüstanda ilk dəfə olaraq elektron səsvermə yolu ilə keçiriləcək. Seçicilər səslərini seçki məntəqələrində bülletenləri təsdiqləyən və sayan elektron maşınlar vasitəsilə verəcəklər. Məlumata görə, elektron səsvermə seçicilərin təxminən 90%-ni əhatə edəcək. Bu ilki seçkilərin monitorinqi üçün 100 yerli, 60 beynəlxalq müşahidə missiyası qeydiyyatdan keçib. Seçkiləri Azərbaycan da seçkilərə müşahidə missiyası göndərən ölkələr sırasındadır.

Builki seçkilər 2017-ci ildə edilmiş konstitusiya düzəlişinə əsasən tam proporsional qaydada, 5%-lik seçki bariyeri ilə ilə keçirilir. Parlamentin 150 yeri uğrunda 19 siyasi partiya və koalisiya rəqabət aparır. Parlamentə yalnız 5%-lik bariyeri keçən partiyalar daxil ola biləcəklər. Qərbyönümlü müxalifət partiyaları hakim “Gürcü Arzusu”na qarşı 4 böyük koalisiyada mübarizə aparır. Onların hər biri Prezident Salome Zurabişvilinin təqdim etdiyi Gürcü Xartiyası adlı sənədi imzalayıblar. Sənəd Gürcü Arzusunun 12 illik hakimiyyətindən sonra ölkədə keçid dövrünün təmin edilməsi, Avropayönülmü islahatların həyata keçirilməsi üçün bir illik texniki hökumətin yaradılmasını nəzərdə tutur.

tag: Gürcüstan, Parlament, Seçkilər, Gürcü Arzusu, Avropa, todaypress.az,