Gürcüstanda keçirilən aksiyada 30-dan çox polis yaralandı

Dünya

29.11.2024 10:47

Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin 30-dan çox əməkdaşı xəsarət alıb. 

TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib. 

“Mitinq iştirakçılarının qanunsuz və zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Yaralılardan bəziləri baş, göz və bədən nahiyəsindən ağır xəsarətlər alıb. Onlardan 13-ü cərrahi müdaxilə tələb edir” deyə məlumatda yazılıb. 

Qeyd olunub ki, mitinq zamanı bəzi etirazçılar polisin göstərişlərinə tabe olmayaraq, onları təhqir edib və fiziki güc tətbiq ediblər.

Xatırladaq ki, noyabrın 28-i axşam Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakim “Gürcü arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmasından sonra mitinqlər başlayıb. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib. 

Günəş Mərd

tag: Mitinq, Aksiya, Tbilisi, Gürcüstan, Polis, todaypress.az,