Gürcüstan və Ermənistan XİN rəhbərindən SÜLH PROQNOZU
Dünya
03.07.2024 15:20
"Bir ay intensiv işləsək, prosesi başa çatdıra və Azərbaycanla sülh müqaviləsi imzalaya bilərik".
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmkarı İlya Darçiaşvili ilə birgə mətbuat konfransında bildirib.
Mirzoyan, həmçinin kommunikasiyaların bərpasının həm Ermənistanın, həm də regionun digər ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcəyini deyib.
İlya Darçiaşvili isə Tbilisinin İrəvanla Bakı arasında sərhədlərin müəyyən edilməsi prosesinə başlanılması ilə bağlı tarixi qərarı alqışladığını və sülh prosesinin müsbət dinamikasının qorunub saxlanacağına ümid etdiyini qeyd edib.
“Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını qəti şəkildə dəstəkləyir, sülhün və sabitliyin qorunması üçün konstruktiv dialoqun təşviqinə töhfə verməyə hazırdır” deyə Darçiaşvili bildirib.
Xatırladaq ki, bu gün Gürcüstan və Ermənistan XİN başçısı arasında Gürcüstanda görüş baş tutub. Mirzoyan sonuncu dəfə 2022-ci ilin martında Gürcüstana işgüzar səfər edib.
Günəş Mərd
tag: Gürcüstan, Ermənistan, XİN, Sülh, Proqnoz, Mirzoyan, todaypress.az,