Gürcüstan ərzaq problemi ilə üzləşə bilər
Gürcüstanın Taxıl və Un
İstehsalçıları Assosiasiyası hökuməti Rusiyadan un, arpa və kəpək idxalına tətbiq
edilən müvəqqəti rüsumun müddətini uzatmağa çağırıb.
TodayPress xəbər
verir ki, bu barədə assosiasiyanın icraçı direktoru Levan Silagava BMG media
platformasından çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə
taxıl məhsuluna tələbat olmadığından satışda problem yaşayan gürcü fermerlərinə
dəstək məqsədilə Gürcüstan 2023-cü ilin yayından un, arpa və kəpəyə müvəqqəti
idxal rüsumunu tətbiq edib. Əvvəlcə bu qərar 2023-cü il noyabrın 1-nə qədər
etibarlı idi. Etibarlılıq müddəti artıq iki dəfə - birincisi, cari ilin martın
1-dək, ikinci dəfə isə sentyabrın 1-dək uzadılıb.
"Assosiasiya Gürcüstanın
Kənd Təsərrüfatı Nazirliyi qarşısında rüsumun sentyabrın 1-dək uzadılması ilə
bağlı məsələ qaldırıb. Bu rüsum un, arpa və kəpək idxalına tətbiq edilən
vergidir ki, bu da idxal buğdasının üzən tariflərini effektiv şəkildə
balanslaşdırır və zavodları rəqabət mühitinə salır" deyə L.Silagava
bildirib.
Onun sözlərinə görə, rüsum
uzadılacağı təqdirdə, bu, uzunmüddətli perspektivdə, o cümlədən buğda
saxlayanların işini asanlaşdıracaq ki, sentyabrdan sonra onlar dəyirmanlara tədarük
məsələsinə stabil şəkildə baxa bilsinlər.
Əgər hökumət müraciətə müsbət
cavab verməsə, ölkədə ərzaq qıtlığı yarana bilər.
tag: Gürcüstan, Taxıl, Assosiasiya, Rusiya, todaypress.az,