Gürcüstan Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırır
Dünya
28.11.2024 19:30
“2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik”.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə bildirib.
İ.Kobaxidze qeyd edib ki, Aİ-yə üzvlük müzakirələrinin başlanması ölkəni təhdid etmək üçün alət kimi istifadə olunur, necə ki, əvvəllər eyni şey namizədlik statusu məsələsində baş vermişdi.
Baş nazir, həmçinin Avropa Parlamentini (AP) Gürcüstanla bağlı qətnaməsinə görə tənqid edib.
Xatırladaq ki, AP bu gün Gürcüstanla bağlı qətnamə qəbul edib. Bildirilib ki, qətnamə 444 "lehinə", 72 "əleyhinə" və 82 "bitərəf" səslə qəbul edilib.
AP Gürcüstanda keçirilən parlament seçkilərini tənqid edərək təkrar səsvermənin keçirilməsinə çağırıb.
Bundan başqa, AP demokratiya standartlarına əməl olunmayacağı təqdirdə Aİ-ni Gürcüstan vətəndaşları üçün vizasız rejimi yenidən nəzərdən keçirməyə çağırıb.
tag: Ai,AP,Danışıqlar,Kobaxidze, Gürcü Arzusu, Parlament, Seçki, todaypress.az,