Gürcüstan ABŞ və Aİ ilə münasibətlərin bərpasına ümid edir

Dünya

27.10.2024 13:20

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2025-ci ilin əvvəlindən ölkənin Avropa İttifaqı  və ABŞ ilə münasibətlərinin yenidən bərpasına ümid etdiyini bildirib. 

TodayPress xəbər verir ki, o, bu barədə Tbilisidə parlament seçkilərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. 

Kobaxidze bu il qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanuna görə Qərb ölkələri ilə münasibətlərdə yaranmış problemlərin həllinin vacibliyini qeyd edib.

“Bu seçkilər başa çatdıqdan və Ukraynada müharibə başa çatdıqdan dərhal sonra ABŞ və Aİ ilə münasibətlər tamamilə bərpa olunacaq. Biz bu istiqamətdə çox müsbət siqnallar almışıq” deyə o qeyd edib.

Kobaxidze vurğulayıb ki, Gürcüstan Aİ ilə inteqrasiya üzərində işləyir, lakin eyni zamanda müstəqillik və suverenliyi yüksək qiymətləndirir. 

“Ölkədə sülhün əsas təminatı ləyaqət, suverenlik və müstəqillikdir. Əgər Avropaya inteqrasiya sülhün təminatı olsaydı, Ukraynada da sülh olardı” deyə Baş nazir əlavə edib.

Günəş Mərd 

tag: Gürcüstan,Baş nazir,Sülh,Ukrayna,Aİ,ABŞ,Todaypress.az,