Fransada prezidentlə baş nazir arasındakı qarşıdurmalar güclənir

Dünya

19.09.2024 12:55

Fransa prezidenti Emmanuel Makron Baş nazir Mişel Barnyenin yeni hökumətə təyin olunması üçün təklif etdiyi nazirlərin ilkin siyahısını təsdiq etməyib.

TodayPress xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb. 

İddia olunur ki, baş nazir müvafiq siyahını sentyabrın 17-də Yelisey sarayında olarkən təqdim edib. Prezidentə yaxın olan bir sıra nümayəndələr isə namizədlər arasında Respublikaçılar partiyasının nümayəndələrinin çoxluq təşkil etdiyinə diqqət çəkiblər. 

Bundan əlavə, yeni Baş nazirlə prezident arasında fikir ayrılığının digər səbəbi isə hökumət başçısının ölkə iqtisadiyyatındakı çətin vəziyyətlə əlaqədar mümkün vergi artımı ilə bağlı planları olub.

Xatırladaq ki, Fransa prezidenti sentyabrın 5-də 73 yaşlı Mişel Barnyeni baş nazir təyin edib. Bu təyinat nəticəsində istefaya göndərilən 35 yaşlı Qabriel Attalın təxminən iki aylıq texniki fəaliyyətinə son qoyulub. 

Bundan başqa, sentyabrın 11-də parlamentdəki aparıcı siyasi partiyaların nümayəndələri ilə məsləhətləşmələri davam etdirən Barnye sentyabrın 16-dan 22-dək yeni hökumətin qurulacağına söz verib. Prezident yeni nazirlərin siyahısını təsdiq edənə qədər səlahiyyət müddəti başa çatan kabinet üzvləri öz vəzifələrini icra etməyə davam edəcəklər.

Töhfə Səməd

tag: Fransa, Makron, Baş Nazir ,Prezident ,Mişel Barnye, todaypress.az,