Fransa xalqı Makron-Barnye hökumətinə etiraz edir
Dünya
22.09.2024 05:22
Fransada ölkə səviyyəsində
müxtəlif assosiasiyalar və solçu partiyaların çağırışı ilə 50 şəhər və qəsəbədə
“Makron-Barnye hökumətinə” qarşı etiraz nümayişi keçirilib.
TodayPress xəbər verir ki, fransız xalqı parlament seçkilərinin nəticələrinin tanınmasını tələb edir. “Emmanuel Makron Matinyonda sağçı, antisosial, antimiqrant, homofob keçmişi olan və yalnız ifrat sağçıların daimi razılığı ilə idarə edə biləcək bir Baş nazir təyin edib” deyə Tələbə Həmkarlar İttifaqı, Lisey Şagirdləri Birliyi, Ailə Planlaması və “Attac France” assosiasiyasının birgə bəyanatında bildirilir.
Parisdə yerli vaxtla saat
14:00-da Bastiliya meydanına toplaşmış nümayişçilər klassik marşrutla Nasion
meydanına doğru irəliləyiblər. Onlar “Makronun impiçmentini, eləcə də Baş nazir
M.Barnyenin və hələ elan olunmamış hökumətin istefasını tələb ediblər. Onlar
Makronu seçkilərdəki məğlubiyyətini tanımağa çağırıblar. “Vergi və sosial
ədalət!”, “Heç nəyi unutmuruq!”, “Yaşasın inqilab!” kimi şüarlar səsləndirilib.
Nümayişçilər xalqın seçiminə hörmətlə yanaşmanı tələb ediblər.
Paris polis
qərargahının günorta saatlarında verdiyi təxmini rəqəmlərə görə, paytaxtda
nümayişçilərin sayı mitinq ərəfəsində elan ediləndən xeyli azdır.
Xatırladaq ki,
sentyabrın 7-də keçirilmiş nümayişdə polisə görə 26 min, “Əyilməz Fransa”
partiyasına görə 160 min nümayişçi səfərbər olmuşdu. Əyalətlərdə bu gün on
minlərlə insanın səfərbər olduğu bildirilir.
Bəzi ekspertlər
Barnye hökumətinin uzun müddət davam edə bilməyəcəyini deyirlər. Həmçinin ifrat
sağçı Milli Birlik Partiyası da yeni hökumətə etimadsızlıq təklifinə səs
verəcəyini istisna etməyib. Hələ rəsmi elan olunmamış hökumətin ömrünün çox
qısa olacağı və elə ilk anda onun etimadsızlığının Milli Assambleyada səsə
qoyulacağından danışılır.
Qeyd edək ki,
Fransanın yeni hökumətinin tərkibi hələ də rəsmi elan olunmayıb. E.Makron Baş
nazir M.Barnyenın seçimində tam müstəqil olduğunu bildirsə də, onun təqdim etdiyi
siyahını qəbul etmədiyi bildirilir. Xalq solçu partiyaların qalib gəldiyini
bildirərək, bu partiyaların sosial proqramını dəstəkləyir.
tag: Fransa, Xalq,Makron,Etiraz, todaypress.az,