Ərdoğan Suriyadakı terrorçulara qarşı tədbir görəcəyinə söz verdi
Dünya
13.12.2024 13:29
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlarda rəsmi Ankaranın Suriyadakı terror təşkilatlarına qarşı tədbir görəcəyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə hökumətinin "X" sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
Prezident Ərdoğan bildirib ki, Türkiyə bütün terror təşkilatlarına, xüsusilə PKK, PYD/YPG və İŞİD ilə bağlı qabaqlayıcı tədbirlər görəcək. Onlar əlavə ediblər ki, Türkiyə İŞİD-lə üz-üzə vuruşan yeganə ölkədir, ona görə də onlarla mübarizədə hər hansı səhvə yol verməyəcək.
Dekabrın 8-də ABŞ prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib ki, İŞİD Suriyadakı vəziyyətdən istifadə edə bilər.
Daha sonra Suriyadakı silahlı müxalifət ABŞ-ni əmin edib ki, onlar İŞİD qruplaşmasının üzvlərinin Suriya hakimiyyətinə qarşı aksiyalarında iştirakına icazə verməyəcəklər.
Töhfə Səməd
tag: ABŞ, Türkiyə ,Ərdoğan,Söz, todaypress.az,