Ərdoğan Putinə danışıqları qəbul etməyə hazır olduğunu bildirdi

Dünya

11.05.2025 16:13

16

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

TodayPress Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya Prezidentinin mayın 15-dən etibarən İstanbulda keçirilməsi təklif olunan birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası təşəbbüsü ətraflı müzakirə olunub.

Qeyd edilib ki, Ərdoğan Rusiyanın bu təklifini tam dəstəkləyərək, İstanbul meydançasını təqdim etməyə hazır olduğunu bildirib. Türkiyə tərəfi davamlı sülhün əldə edilməsinə yönəlmiş danışıqların təşkili və aparılmasında hər cür köməklik göstərəcəyini vurğulayıb.

Rusiya Prezidenti Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçirilən bayram tədbirlərinin nəticələri və bu günlər ərzində həyata keçirilən yüksək səviyyəli beynəlxalq əlaqələr barədə təəssüratlarını türkiyəli həmkarı ilə bölüşüb.

Liderlər həmçinin ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsində, o cümlədən enerji sektorunda strateji birgə layihələrin həyata keçirilməsində qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

***

15:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edilir ki, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.

Türkiyə lideri bildirib ki, Rusiya- Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq.

tag: Türkiyə,Rəcəb Tayyib Ərdoğan,Vladimir Putin ,Rusiya,todaypress.az,