“Əl-Cəzirə”nin İsraildəki fəaliyyəti dayandırıldı

Dünya

27.06.2024 22:14

Qətərin “Əl-Cəzirə” telekanalının  İsraildə birdəfəlik bağlanmasına dair qanun layihəsi parlamentdə təsdiqlənib.

TodayPress xəbər verir ki, “Haaretz” qəzetinin məlumatına görə, mayın 5-də Nazirlər Şurasının iclasında İsraildəki fəaliyyətinə son qoyulması və ofislərinin bağlanması təklifi yekdilliklə qəbul edilən “Əl-Cəzirə” televiziyasının həmişəlik bağlanması ilə bağlı qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Telekanalın fəaliyyətinin dayandırılması ilə bağlı qanun layihəsi ilkin səsvermədə qəbul olunub.

Qanun layihəsində İsraildəki xarici media qurumlarının ölkənin təhlükəsizliyinə zərər vurduğu müəyyən olunarsa, hökumətə onların fəaliyyətini 45 gün müddətinə dayandırmağa icazə verən müddəanın həyata keçirilməsi tələb olunur.

Məsələ ilə bağlı müvəqqəti qərarın iyulun sonunda başa çatacağı gözlənilirdi.

İsrailin Baş naziri Benyamin Netanyahu sosial media hesabında etdiyi paylaşımda, “Rəhbərlik etdiyim hökumət yekdilliklə İsraildəki təxribatçı "Əl-Cəzirə"ni dayandırmağa qərar verdi” ifadəsini işlədib.

Qərar çərçivəsində “Əl-Cəzirə” telekanallarının və internet saytlarının İsraildəki fəaliyyətinin dayandırılması,  internet saytlarına girişin bloklanması, ofislərinin bağlanması və avadanlıqlarının müsadirə edilməsi qərara alınıb.

GÜNEL

tag: "Əl-Cəzirə" telekanalı, İsrail Parlamenti, Baş nazir, Benyamin Netanyahu, todaypress.az,