Əfqanıstandakı yeganə qadın radiosu fəaliyyətini dayandırdı
Dünya
05.02.2025 11:30
Taliban hakimiyyətə gəldikdən sonra qadınların ictimai həyatdan uzaqlaşdırılmasını daha da dərinləşdirərək Əfqanıstanın yeganə qadın radiosu olan “Radio Begum”un fəaliyyətini dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Kabildə yerləşən və qadınların təhsili mövzusunda yayımlar aparan “Radio Begum” bildirib ki, Talibanın İnformasiya və Mədəniyyət Nazirliyinin əməkdaşları fevralın 4-də radionun binasına reyd təşkil edərək işçiləri saxlayıb və ofisdə axtarış aparıb.
“Zabitlər “Radio Begum”un qadın jurnalistləri də daxil olmaqla, işçilərinin kompüterlərini, sərt disklərini, sənədlərini və telefonlarını müsadirə etdilər və rəhbər vəzifədə olmayan iki kişi əməkdaşı saxladılar” deyə radionun bəyanatında qeyd olunub.
Nazirlik daha sonra radionun fəaliyyətinin dayandırıldığını təsdiqləyərək, yayım siyasətini pozduğunu və lisenziyanı düzgün istifadə etmədiyini iddia edib. O cümlədən, radionun xaricdə yerləşən bir televiziya kanalına icazəsiz məzmun təqdim etdiyi bildirilir. Lakin həmin kanalın adı açıqlanmayıb.
Sərhədsiz Reportyorlar təşkilatı radioya qoyulan qadağanı pisləyib və dərhal aradan qaldırılmasını tələb edib.
Qeyd edək ki, fəaliyyəti dayandırılmadan əvvəl “Radio Begum” hər gün altı saatlıq dərs proqramları yayımlayır, eləcə də qadınlara sağlamlıq, psixologiya və ruhani mövzularda dəstək verirdi.
Radionun rəhbərliyi bildirib ki, onların işi sırf qadın təhsili və dəstəyi ilə bağlıdır və heç bir siyasi fəaliyyətlə məşğul olmurlar.
Qiymət Mahir
tag: Taliban,Radio,CNN,Radio Begum,Todaypress.az,