Əfqanıstan hakimiyyəti ABŞ-ni ittiham etdi
Dünya
10.12.2024 13:45
Talibanın siyasi ofisinin rəhbəri Süheyl Şahin ABŞ-nin Əfqanıstanla bağlı Doha razılaşmasının şərtlərini yerinə yetirmədiyini bildirib. Onun sözlərinə görə, saziş imzalanandan 3 ay sonra Vaşinqton Əfqanıstanı “qara siyahı”dan çıxarmalı idi, lakin bu, indiyədək baş verməyib.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Onlar söz verdilər ki, üç ay ərzində ölkəni “qara siyahı”dan çıxaracaqlar, lakin bu alınmadı. Onlar bu öhdəliyi yerinə yetirə bilmədilər. Əfqanıstanın yenidən qurulmasında iştirak edəcəklərini və digər ölkələri də buna təşviq edəcəklərini bəyan ediblər, lakin sazişin bu hissəsi də həyata keçirilməyib. Əfqanıstana qarşı tətbiq edilən sanksiyalar hələ də qüvvədədir” deyə Süheyl Şahin bildirib.
Xatırladaq ki, 2020-ci ilin fevralında Taliban ilə ABŞ arasında Əfqanıstanda sülhün əldə edilməsinə dair saziş imzalanıb. Ölkənin hazırkı hakimiyyəti sövdələşmədə iştirak etməyib. Sənəddə NATO qoşunlarının Əfqanıstandan çıxarılması və bir sıra digər məsələlər yer alırdı.
Töhfə Səməd
tag: ABŞ, Əfqanıstan ,Taliban ,Qara siyahı, todaypress.az,