Çin daha doqquz ölkə üçün vizasız rejim tətbiq etdi

Dünya

07.11.2024 15:20

Daha doqquz ölkənin vətəndaşları Çinə vizasız gedə biləcəklər. Çin səlahiyyətliləri bu ilin əvvəlində başladılan vizasız giriş proqramını Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreyaya da şamil etməklə genişləndirib. 

TodayPress xəbər verir ki, yeni proqram 2024-cü ilin yanvarında fəaliyyətə başlayıb və ona tədricən yeni ölkələr əlavə olunur. İlin əvvəlindən o, Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İtaliya və İsveçrə də daxil olmaqla 11 Avropa ölkəsinin, həmçinin Malayziya vətəndaşlarına şamil edilib. İyunun sonunda siyahıya Polşa, Avstraliya və Yeni Zelandiya əlavə olunub. Proqramın şərtlərinə görə, ona daxil olan bütün ölkələrin vətəndaşları adi pasportları ilə Çinə daxil ola və 15 günə qədər ölkədə vizasız qala bilərlər.

Bu proqramın genişləndirilməsinin ölkəyə turist axınını artıracağı gözlənilir. 

Çində ABŞ, Kanada və Böyük Britaniya da daxil olmaqla 54 ölkənin vətəndaşları üçün nəzərdə tutulmuş başqa bir vizasız giriş proqramı da var. Bu ölkələrin vətəndaşları 37 məntəqədən biri vasitəsilə Çinə daxil olmaq və üçüncü ölkəyə səyahət üçün etibarlı biletə malik olduqda, ölkədə 72 və ya 144 saat vizasız qalmaq imkanı əldə edirlər.

tag: Çin, Viza, Polşa, Yeni Zenlandiya, ABŞ, todaypress.az,