Çin 2025-ci ildə maliyyə siyasətini gücləndirəcək

Dünya

24.03.2025 19:10

985

Çin hökuməti 2025-ci ildə daha fəal fiskal və büdcə siyasəti aparacaq, həmçinin artıq həyata keçirilmiş tədbirlərin səmərəliliyini artıracaq.

TodayPress xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Lan Foan “Çin İnkişaf Forumu-2025” çərçivəsində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, hazırda Çin iqtisadi və fiskal baxımdan daha güclü imkanlara malikdir və makroiqtisadi tənzimləmə sahəsində geniş təcrübə toplayıb. O vurğulayıb ki, cari ilin əsas maliyyə siyasəti hədəfi istehlakın və investisiyaların səmərəliliyinin artırılması yolu ilə daxili tələbatı gücləndirməkdir.

“Çin dünyada ən perspektivli bazara sahibdir və istehlakın artımı üçün böyük potensiala malikdir” deyə nazir qeyd edib.

 O əlavə edib ki, hökumət istehlakı stimullaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir.

Bu tədbirlər çərçivəsində Çin 2025-ci ildə 1,3 trilyon yuan (təxminən 181 milyard dollar) dəyərində uzunmüddətli xüsusi dövlət istiqrazları buraxmağı planlaşdırır. Bu göstərici ötən ilki həcmdən 300 milyard yuan çoxdur. Həmçinin, ölkədə köhnə məişət texnikası və avtomobillərin yeniləri ilə əvəzlənməsini nəzərdə tutan “ticarət dəyişdirmə” proqramının maliyyələşdirilməsi iki dəfə artırılaraq 150 milyard yuandan 300 milyard yuana çatdırılacaq.

Lan Foan bildirib ki, hökumət təhsil, elm və texnologiya sahələrinə dəstəyini artıracaq, həmçinin texnoloji və sənaye innovasiyalarının inteqrasiyasını dərinləşdirəcək.

Qiymət Mahir

tag: Çin,Maliyyə,Dünya,Fiskal ,todaypress.az,