Cənubi Koreyada qəzaya uğrayan təyyarənin qara qutusu boş çıxdı
Dünya
11.01.2025 15:00
Hər iki qara qutu - uçuş məlumatlarının yazıcısı və kokpit səs yazıcısı - Cənubi Koreyanın Muan hava limanında “Jeju Air” təyyarəsinin qəzaya uğramasından təxminən dörd dəqiqə əvvəl qeydi dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə Koreya Respublikasının Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Uçuş qeyd cihazı şifrənin açılması üçün ABŞ-yə göndərilib. İkiqat yoxlama üçün səs yazıcısının məlumatları da amerikalı mütəxəssislərə ötürülüb. Cənubi Koreya hakimiyyəti qeyd edib ki, qara qutulardakı məlumatlar mühümdür, lakin faciənin hallarının araşdırılması üçün müstəsna əhəmiyyət kəsb etmir.
“Səylər digər məlumat mənbələrinin, o cümlədən videoyazıların, təyyarə qalıqlarının və dispetçer sistemlərinin qeydlərinin öyrənilməsinə yönəldiləcək” deyə bildirilib.
Qeyd edək ki, təyyarə uçuş-enmə zolağının sonundan 250 metr aralıda beton təməl üzərində radio mayakları olan torpaq təpəyə çırpılıb. Toqquşma 29 dekabr 2024-cü il saat 09:03-də baş verib. Qəza nəticəsində 181 nəfərdən 179-u həyatını itirmişdi.
Töhfə Səməd
tag: Cənubi Koreya ,Qara Qutu, Təyyarə, Qəza, todaypress.az,