Cənubi Koreyada fövqəladə demoqrafik vəziyyət elan edildi
Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkədə fövqəladə demoqrafik vəziyyət elan etdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, Cənubi Koreyanın Yonhap xəbər agentliyinin yaydığı məlumata görə, prezident Yoon paytaxt Seulun cənubundakı Seongnam Ar-Ge Mərkəzində doğum səviyyəsinin aşağı olması və əhalinin qoca fərdlərinin çoxluq təşkil etməsinə həsr olunan konfransda, "Bu gün rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan edirəm. Doğum səviyyəsinin aşağı olması problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq" deyə açıqlama verib.
Yoon bildirib ki, bu kontekstdə onlar üç əsas
sahəyə diqqət yetirəcəklər: “İş və həyatın tarazlaşdırılması, uşaqlara qayğının
yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı”.
Valideynlərin təhsil yükünü yüngülləşdirmək üçün ibtidai məktəblərdə uşaq baxımına dəstəyin artırılması və məktəbdənkənar proqramların genişləndiriləcəyini vəd edən Yoon qeyd edib ki, tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacaq.
Qeyd edək ki, Cənubi Koreya 0,72 ilə 2023-cü ildə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdədir.
Cənubi Koreya Statistika İnstitutunun martın 19-da yeni doğulan uşaqların sayı ilə bağlı paylaşdığı məlumatlar göstərir ki, son illərdə ölkədə illik doğum sayında azalma tendensiyası davam edir.
GÜNEL
tag: Cənubi Koreya, Prezident, Yonhap, Doğum səviyyəsi, todaypress.az,