Cənubi Koreya Polşaya silah tədarükünü davam etdirir
Dünya
04.02.2025 11:13
Seul Cənubi Koreyadakı siyasi böhrana baxmayaraq Polşaya silah tədarükünü davam etdirib.
TodayPress xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Təminatı Proqramı Administrasiyasının (DAPA) yüksək vəzifəli rəsmisi Ço Hyun Gi Varşavaya səfəri zamanı məlumat verib.
Polşa müdafiə nazirinin müavini Pavel Bejda ilə görüşən rəsminin sözlərinə görə, Seul Cənubi Koreyanın daxili siyasi vəziyyətindən asılı olmayaraq, Varşava ilə müdafiə sahəsində əməkdaşlığa qətiyyətlə sadiqdir.
İki ölkənin nümayəndələri “K-2” tanklarının, “K-9” haubitsalarının, “FA-50” təyyarələrinin və “Çonmu” reaktiv yaylım atəşi sistemlərinin tədarükü ilə bağlı razılaşmalar ətrafında vəziyyəti müzakirə ediblər.
Tərəflər Cənubi Koreya tanklarının Polşaya tədarükü üçün sonrakı müqavilənin bağlanmasının vacibliyini qeyd ediblər.
Ço Hyun Gi Cənubi Koreyanın hərbi-sənaye kompleksi şirkətləri ilə əməkdaşlıq edən Polşanın müdafiə müəssisələrinə də baş çəkib.
Rəsmi Polşanın Cənubi Koreya silahlarının Avropada inkişafı üçün tramplin olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-də Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış Cənubi Koreyadakı daxili siyasi vəziyyətin hərbi müqavilələrin yerinə yetirilməsinə və silah tədarükünə təsir etməyəcəyini bəyan edib.
Xatırladaq ki, 2022-ci ilin iyulunda Varşava və Seul Polşa hakimiyyət orqanları tərəfindən Cənubi Koreya hərbi texnikasının alınmasına dair əsas saziş imzalayıblar.
Müqavilə 980 ədəd “K-2 Qara Panter” tankı və 288 ədəd “K-239 Çonmu” reaktiv yaylım atəşi sistemlərinin tədarükü ilə bağlı olub. Bunun ardınca tərəflər silahların alınması və yaradılması üçün iki müqavilə bağlayıb.
Nicat Osman
tag: Polşa,Koreya,Silah,Tədarük,Todaypress.az,