Britaniyada işsizlik artır, maaş artımı zəifləyir

Dünya

13.05.2025 19:20

10

Britaniyada əmək bazarı 2025-ci ilin əvvəlində zəifləməyə davam edir. Rəsmi statistikalara görə, işsizlik artır, maaş artımı yavaşıyır, vakansiyaların sayı isə kəskin azalır.

TodayPress xəbər verir ki, Milli Statistika İdarəsinin məlumatına əsasən, ilin birinci rübündə ölkədə məşğulluq səviyyəsi 75 faiz olub. Bu, ötən illə müqayisədə cüzi artım deməkdir. Amma işsizlərin sayı da paralel şəkildə artıb.

Fevraldan martadək şirkətlərin əməkhaqqı siyahılarından 47 min nəfər çıxarılıb. Apreldə isə daha 33 min nəfərin işini itirdiyi ehtimal olunur. Hazırda rəsmi maaş alan işçilərin sayı 30,3 milyon nəfərdir.

Əməkhaqqı artımı da zəifləyir. Martadək olan 3 ayda maaşlar (bonuslar istisna olmaqla) 5,6 faiz artıb. Bu göstərici əvvəlki rübdə 5,9 faiz idi. İnflyasiyaya uyğunlaşdırıldıqda real maaş artımı 1,8 faiz təşkil edir.

İş elanlarının sayı isə son 3 ayda 42 min azalıb. Bu, ardıcıl 34-cü rübdə baş verən enişdir. Hazırda vakansiyaların ümumi sayı 761 mindir – pandemiyadan əvvəlki səviyyədən aşağı.

Ekspertlər bu durumu əməkhaqqı vergilərinin artması və minimum maaşın qaldırılması ilə izah edir. Ən çox iş ixtisarı pərakəndə ticarət və ictimai iaşə sektorlarında qeydə alınıb.

Buna baxmayaraq, maaş artımı hələ də yüksək olduğundan İngiltərə Bankının inflyasiyanı cilovlama səyləri çətinləşir. Bu ay bank əsas faiz dərəcəsini 0,25 bənd azaldaraq 4,25 faizə endirib, amma əlavə endirim üçün inflyasiyanın daha da zəifləməsini gözləyir.

Qiymət Mahir

tag: Britaniya,İşsizlik,Əməkhaqqı,Maaş,todaypress.az,