Britaniya Ukraynaya yeni yardım paketi ayırır
Dünya
11.09.2024 20:13
Böyük Britaniyanın xarici işlər naziri
Devid Lemmi Ukraynaya 780 milyon ABŞ dollarından çox məbləğdə yeni yardım
paketi ayrılacağını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV
Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat
yayıb.
“Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır. 600
milyon funt sterlinqdən (780 milyon ABŞ dolları) artıq dəstək öhdəliyimiz
Ukraynaya davam edən dəstəyimizin sonuncu nümunəsidir. Bu, Rusiyanın amansız
hücumlarına dözməkdə davam edən ukraynalılara həyati dəstək verəcək” Lemmi deyib.
Qeyd olunur ki, Britaniyanın Ukraynaya yardımının 310
milyon dolları humanitar ehtiyaclar üçün nəzərdə tutulubsa, 484 milyon dollar
kredit zəmanəti şəklində olacaq. Kredit zəmanəti məktəblər və xəstəxanalara
dəstək, dövlət qulluqçularının maaşları və pensiyaların maliyyələşdirilməsi də
daxil olmaqla həyati vacib dövlət xidmətlərini dəstəkləmək üçün Dünya Bankı
tərəfindən təqdim olunacaq.
Böyük Britaniyanın müdafiə naziri Con Hili isə bu gün
yüzlərlə əlavə hava hücumundan müdafiə raketinin, on minlərlə əlavə artilleriya
sursatının və daha çox zirehli texnikanın bu ilin sonuna qədər Ukraynaya
çatdırılacağını açıqlayıb.
tag: Ukrayna, Britaniya, Rusiya, Lemmi,todaypress.az,