Borrell Qəzzadakı obyektlərin atəşə tutulmasını pisləyir

Dünya

22.10.2024 18:15

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozef Borrell Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) Qəzzada yerləşən obyektlərinin kütləvi atəşə tutulmasını pisləyir və əhaliyə humanitar yardımın daxil olmasına imkan yaratmaq üçün dərhal atəşkəsə çağırır.

TodayPress xəbər verir ki, bu barədə Borrell “X” səhifəsində yazıb.

"Mən UNRWA obyektlərinin kütləvi şəkildə atəşə tutulmasını və dağıdılmasını pisləyirəm. Humanitar yardım və məcburi köçkünlərin təhlükəsiz keçidini təmin etmək üçün dərhal atəşkəs çağırışını dəstəkləyirəm" deyə o, bildirib. Borrell vurğulayıb ki, beynəlxalq müşahidəçilər və mediaya çıxış imkanı verilməlidir.

Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, bir neçə günlük hərbi əməliyyatlardan sonra Qəzzanın şimalındakı vəziyyətlə bağlı xəbərlər təəccüb doğurur. “İnsanların süni aclıqdan və məcburi köçkünlükdən əziyyət çəkməsinə haqq qazandırmaq olmaz” deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Borrell, Qəzza, Avropa, Aİ, BMT, todaypress.az,