BMT: Ərəb ölkələrinin qeyri-neft ixracı təhlükədədir
ABŞ-də ticarət proteksionizminin kəskin artması ərəb ölkələrinin iqtisadiyyatına təzyiqləri artırır və 22 milyard ABŞ dolları dəyərində qeyri-neft ixracının risk altına düşməsinə səbəb ola bilər.
TodayPress xəbər verir ki, bu barədə BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) yaydığı siyasət sənədində qeyd olunub.
Sənəddə İordaniya ən həssas ölkə kimi göstərilir, çünki ölkənin ixracatının təxminən dörddə biri ABŞ-yə yönəlib.
Bəhreynin isə alüminium və kimyəvi məhsul ixracatından yüksək asılılıq səbəbilə risk qrupunda olduğu vurğulanır.
BMT ekspertləri bildirirlər ki, Birləşmiş Ərəb Əmirlikləri də təxminən 10 milyard dollarlıq re-eksport əməliyyatlarında pozuntu riski ilə üzləşə bilər. Bu, ABŞ-nin üçüncü ölkələrdə istehsal olunan məhsullara tətbiq etdiyi yeni rüsumlar nəticəsində baş verə bilər.
ESCWA sənədində həmçinin Körfəz Əməkdaşlıq Şurasına (GCC) daxil olan ölkələrdə qlobal neft qiymətlərinin kəskin ucuzlaşmasının maliyyə sabitliyinə təhdid yaratdığı qeyd olunur.
GCC-yə daxil olmayan ölkələr – Misir, Mərakeş, İordaniya və Tunis isə 2025-ci ildə 114 milyon dollarlıq əlavə borc faiz ödənişi ilə üzləşə bilər. Bu isə qlobal istiqraz gəlirliliyinin artması və investorların narahatlığı fonunda baş verəcək.
ESCWA xəbərdarlıq edir ki, bu artan maliyyə təzyiqləri dövlət büdcələrini sıxışdıracaq və inkişaf layihələrinin təxirə salınmasına səbəb ola bilər.
Qiymət Mahir
tag: BMT,Ərəb,Qeyri-Neft,İxrac,Todaypress.az,