Blinken ona etiraz edən iki jurnalisti zorla zaldan çıxartdırdı
Dünya
16.01.2025 22:51
ABŞ Dövlət katibi Antoni Blinken Dövlət
Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlə keçirdiyi sonuncu
mətbuat konfransında Qəzza ilə bağlı danışarkən bəzi jurnalistlər tərəfindən
etirazla qarşılanıb.
TodayPress xəbər verir ki, amerikalı jurnalist Maks
Blumental Blinkenin çıxışını kəsərək, "Qəzzada 300 jurnalist sənin
bombalarınla hədəfə alındı. May ayında razılaşmanız var idi, bunu hamımız
bilirdik. Toni, sən bombalara mane olmadın. Niyə dostlarımın öldürülməsinə
icazə verdin?" deyə etiraz edib.
M.Blumental polislər tərəfindən zaldan zorla çıxarılıb.
Çıxışına davam edən Blinken daha sonra eyni mövzuda başqa
bir jurnalistin etirazı ilə üzləşib. Amerikalı jurnalist Sem Hüseyni
etirazından sonra üç polis əməkdaşı tərəfindən zaldan qovulub.
Jurnalist canlı yayım zamanı zaldan qovularkən aşağıdakı
ifadələri səsləndirib:
"Çək əllərini məndən, mən burada sakit oturmuşdum,
amma indi məni iki-üç nəfər saxlayıb. Sən isə mətbuat azadlığından
danışırsan".
BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat
konfransında bildirib ki, baş verənlər qəbulolunmazdır, hər kəs jurnalistlərin
toxunulmazlığına və söz azadlığına hörmət etməlidir.
tag: Blinken, Amerika, Jurnalist, BMT, Sem Hüseyni, todaypress.az,