Beynəlxalq müşahidəçilər Özbəkistandakı seçkiləri dəyərləndirdilər

Dünya

30.10.2024 14:20

ATƏT-in xüsusi əlaqələndiricisi və qısamüddətli müşahidəçilərinin rəhbəri Azay Quliyev, ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Sarqis Xandanyan və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Duqlas Veyk Özbəkistanda keçirilən parlament seçkilərindəki monitorinqlə bağlı təəssüratlarını bölüşüblər.

TodayPress xəbər verir ki, onların sözlərinə görə, seçkilərdə ən diqqətçəkən yeniliklərdən biri qadınların parlamentdə təmsilçiliyinin genişləndirilməsi olub.

Belə ki, namizədlər üçün gender kvotası 30%-dən 40%-ə qədər artırılaraq, qanunvericilik palatasında 150 yerdən 47-ni qadınlar təşkil edəcək.

Bu hal qadınların Özbəkistanın siyasi həyatına artan töhfəsini əks etdirir.  Həmçinin qeyd olunub ki, Özbəkistan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə hazırlıqla bağlı yüksək göstərici nümayiş etdirib.

Əlilliyi olan şəxslərin inklüzivləşdirilməsinə, onların fəallığının artırılması üçün məsləhətləşmələrin aparılmasına diqqət yetirib.

Seçki bülletenləri özbək və yerli dillərdə çap edilib ki, bu da əhalinin bütün qrupları üçün seçki prosesinin əlçatan olmasına şərait yaradıb. 

Mətbuat konfransında bildirilib ki, 20 milyona yaxın seçici qeydiyyatdan keçib.

Seçki prosesi nizam-intizamlı keçib və seçici fəallığı 74,7% təşkil edib.  Ümumilikdə Özbəkistanda 2024-cü il parlament seçkiləri demokratik proseslərin gücləndirilməsi və qadınların siyasətdə təmsilçiliyinin yaxşılaşdırılması istiqamətində irəliyə doğru mühüm addım olub.

tag: Özbəkistan,Seçki,Müşahidəçi,Səsvermə,Fəallıq,ATƏT,