Baydenin oğlunun məhkəməsi sentyabrın 9-da başlayacaq
Dünya
23.07.2024 01:30
ABŞ Prezidenti Cozef Baydenin
oğlu Hanter Baydenin ən azı 1,4 milyon dollar məbləğində vergidən yayınması ilə
bağlı məhkəmə prosesi sentyabrın 9-da başlayacaq.
TodayPress xəbər verir ki,
bu barədə Kaliforniya Mərkəzi Dairəsinin Federal Məhkəməsinin elektron məlumat
bazasında dərc edilən sənəddə göstərilib.
2023-cü il dekabrın əvvəlində
Hanter Baydenə vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb.
Prokurorlar prezidentin oğlunun
vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərclədiyini
düşünürlər. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.
H. Baydenin məhkəməsi əvvəlcə
iyunda başlamalı idi. Lakin müdafiə tərəfi Kaliforniyada məhkəmə prosesinin
başlanmasının təxirə salınmasını istəyib. Belə ki, Amerika administrasiyası rəhbərinin
oğlu Delaver ştatında silahla bağlı qaydaların pozulması ilə bağlı məhkəmədə
iştirak etməli idi.
İyunun 11-də münsiflər heyəti
bu iş üzrə təqsirli hökm çıxarıb. Kiçik Bayden ABŞ Ədliyyə Nazirliyi tərəfindən
irəli sürülən hər üç maddə üzrə təqsirli bilinib.
O, 2018-ci ildə “Colt Cobra”
revolverini alarkən narkotik qəbul etmədiyini yazılı şəkildə qeyd edərək yalan
söyləyib və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozub.
Hanter Bayden 25 ilə qədər həbs oluna bilər. (report.az)
tag: Bayden, Hanter Bayden, Məhkəmə, ABŞ, todaypress.az,