Bayden İsrail və HƏMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yaydı
Dünya
16.01.2025 00:09
ABŞ Prezidenti Cozef Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında
atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.
TodayPress-in məlumatına görə, bəyanat Ağ Evin rəsmi saytında dərc olunub.
Bayden bildirib
ki, tərəflər arasında atəşkəsə ölkəsinin həyata keçirdiyi intensiv diplomatiya
nəticəsində nail olunub.
Sənədə əsasən,
əldə edilən razılaşma Qəzzada hərbi əməliyyatların dayandırılmasına və bölgədə
yaşayan fələstinli dinc əhaliyə zəruri humanitar yardımların çatdırılmasına və
15 aydan çoxdur girovluqda saxlanılan şəxslərin öz ailələrinə qovuşmasına
şərait yaradacaq.
Ağ Ev rəhbəri
xatırladıb ki, 2024-cü il mayın 31-də açıqlanan plan BMT-nin Təhlükəsizlik Şurasında
yekdilliklə qəbul edilib.
"Bu, həm
HƏMAS-ın üzləşdiyi ekstrimal təzyiqin və Livandakı atəşkəsdən sonra regiondakı
qüvvələr arasında tarazlığın bərpası, habelə İranın zəifləməsi, eləcə də
ABŞ-nin gərgin və israrlı diplomatiyası nəticəsində mümkün olub. Mənim bu
istiqamətdəki diplomatik səylərim heç zaman dayandırılmayıb".
Bayden həmçinin
HƏMAS-ın hücumları nəticəsində həlak olanları və onların ailələrini, habelə
girovluqda olan ABŞ vətəndaşlarını anıb, onların geri qaytarılacağını bildirib.
Prezident deyib
ki, bu istiqamətdə planın təfərrüatları yaxın vaxtlarda açıqlanacaq.
tag: Bayden, ABŞ, HƏMAS, İsrail, Prezident, todaypress.az,