Baş nazir Monqolustanda parlament seçkilərinin nəticələrini açıqladı

Dünya

29.06.2024 08:30

Monqolustanın baş naziri Luvsannamsrain Oyun-Erdene, ilkin nəticələrə görə, bu gün keçirilən ümumi seçkilərdə lideri olduğu Monqolustan Xalq Partiyasının (MPP) qalib gəldiyini açıqlayıb.

TodayPress xəbər verir ki, Monqolustan baş naziri Oyun-Erdene yerli mətbuata verdiyi açıqlamada onun partiyası olan MPP-nin parlamentdəki 126 yerdən 70-ni alaraq birinci partiya olduğunu bildirib.

Təxminən 3 milyon 400 min əhalisi olan Mərkəzi Asiya ölkəsi Monqolustanda yerli vaxtla saat 22:00-da başa çatan səsvermə prosesində iştirakın 69,3 faiz civarında olduğu və bu rəqəmin 70 faizə çatacağı vurğulanıb.

Hakimiyyətlə xalq arasında yeni səhifənin açılmasına çağıran Oyun-Erdene “Bu parlamentin necə işləyəcəyini, siyasi partiyaların necə çıxış edəcəyini birlikdə görməyin vaxtıdır” deyə qeyd edib.

Monqolustanda keçirilən seçkidə parlamentdəki 126 yer uğrunda 21 partiya və koalisiyadan 1336 namizəd mübarizə aparıb.

Keçən il ölkədəki siyasi müxtəlifliyi daha yaxşı əks etdirmək üçün konstitusiya dəyişikliyi ilə yerlərin sayı 126-ya çatdırılıb.

Seçkilərdə bu il Monqolustandan kənarda yaşayan 13 min 95 monqol da səs vermək üçün qeydiyyatdan keçib.

GÜNEL

 

tag: Monqolustan, Parlament, Baş nazir, Mərkəzi Asiya ölkəsi, todaypress.az,