Banqladeşdə tələbələrlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalarda azı 16 nəfər öldü
Dünya
18.07.2024 21:16
Banqladeşdə həftə ərzində tələbələrlə
təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ən azı 16 nəfər ölüb, yüzlərlə
adam yaralanıb.
TodayPress xarici mediaya
istinadla xəbər verir ki, gənclərin işsizlik problemi ilə əlaqədar başlatdığı
etiraz aksiyası sonradan iğtişaşa çevrilib. Onlar dəyənək və daş parçaları ilə
polislərə hücum edib, avtomobilləri, polis postlarını yandırıblar. Təhlükəsizlik
qüvvələri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər. Mobil
internet məhdudlaşdırılıb, universitet şəhərciklərinə güc strukturlarının əlavə
bölmələri cəlb olunub.
Ölkənin ədliyyə naziri Anisul
Haq etirazçıları danışıqlara dəvət etsə də, onların nümayəndəsi Nahid İslam
polisin güc tətbiqindən sonra bunun mümkün olmadığını bəyan edib. Bir neçə ölkənin
səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb və öz vətəndaşlarına aksiyalar olan
yerlərə yaxınlaşmamağı tövsiyə edib.
Qeyd edək ki, bu, xanım Şexy
Hasinanın 5-ci dəfə Baş nazir seçilməsindən sonra Banqladeşdə ilk etiraz
aksiyasıdır. Universitet şəhərciklərindən başlayan etiraz aksiyalarının
iştirakçıları dövlət vəzifələrinin 30 faizinin 1971-ci ildə Pakistandan müstəqillik
müharibəsində iştirak edənlərin ailələrinə ayrılması qərarının ləğvini tələb
edirlər. Baş nazir bu tələbi rədd edib.
tag: Banqladeş, Toqquşma, Anisul Haq, Hadisə,todaypress.az,