Banqladeşdə daxili işlər nazirinin iqamətgahına hücum edildi
Dünya
05.08.2024 15:44
Banqladeşdə etirazçılar daxili işlər naziri Əsəduzzaman Xanın Dəkkədəki iqamətgahına basqın edərək oranı darmadağın ediblər.
TodayPress xəbər verir ki, bu barədə “Protom Alo” nəşri məlumat yayıb.
Bildirilib ki, iqamətgaha od vurulub.
Xatırladaq ki, bir neçə saat öncə Daxili İşlər Nazirliyi baş nazir Şeyx Hasinanın istefasını təsdiqləyib. Respublikanın idarəsi müvəqqəti olaraq silahlı qüvvələrə keçib.
Hasina Dəkkəni tərk edərək helikopterlə Hindistanın şərqindəki Tripura əyalətinin Aqartala şəhərinə eniş edib. Xarici mənbələrin yaydığı məlumatlara əsasən o, daha sonra Londona gedəcək.
Banqladeş ordusunun rəisi isə müvəqqəti hökumətin qurulmasını təsdiqləyib. O, zorakılığa son qoymağa çağırıb və söz verib ki, yeni hakimiyyət etirazlar zamanı baş verən bütün ölüm hallarını araşdıraraq ədaləti təmin edəcək.
Töhfə Səməd
tag: Banqladeş, İqamətgah, Hücum, Hasina, Dəkkə, todaypress.az,