Balidə turistlər üçün yeni qaydalar tətbiq olundu
İndoneziyanın populyar turizm istiqaməti olan Bali adasında xarici turistlər üçün yeni davranış və təhlükəsizlik qaydaları qüvvəyə minib.
TodayPress yerli “The Bali Sun” qəzetinə istinadən xəbər verir ki, yeni qaydalar dini məkanlarda və ictimai yerlərdə geyim, davranış, maliyyə əməliyyatları və yol hərəkəti ilə bağlı ciddi tələbləri əhatə edir.
Rəsmi sənəd Bali vilayətinin qubernatoru Vayan Koster tərəfindən təqdim olunub.
Qubernator bildirib ki, son 1 ildə turizmdə baş verən dəyişikliklər 2023-cü ildəki qaydaların yenilənməsini zəruri edib. Yeni qaydalara əsasən, hər bir xarici turistə ekologiya və yerli mədəniyyətlə tanış olan lisenziyalı yerli bələdçi müşayiət etməlidir.
Müqəddəs məkanlara yalnız ibadət və mərasimlər zamanı daxil olmağa icazə verilir.
Qonaqlar yalnız lisenziyalı otel və yaşayış yerlərindən istifadə etməlidirlər. Yol hərəkəti zamanı yalnız lisenziyalı kirayəçilərdən alınmış, texniki baxışdan keçmiş nəqliyyat vasitələri idarə olunmalı, motosiklet sürənlər mütləq dəbilqə taxmalı, sərxoş və məsuliyyətsiz sürücülük qəti qadağandır.
Bundan əlavə, turistlərdən ətraf mühiti çirkləndirməmək (xüsusilə plastik tullantılarla), qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərməmək, qeyri-etik davranışlara və təhqiramiz ifadələrə yol verməmək tələb olunur. Bütün maliyyə əməliyyatları yalnız lisenziyalı banklar və valyuta dəyişmə məntəqələrində aparılmalı, ödənişlər İndoneziya rupisi ilə edilməli və yalnız standartlaşdırılmış QR kodlardan istifadə olunmalıdır.
Turistlər üçün 150 min rupiya (təxminən 9 ABŞ dolları) məbləğində məcburi ödəniş də nəzərdə tutulub. Bu vəsait adanın təbiətinin qorunması və infrastrukturun saxlanmasına yönəldiləcək. Qaydaların pozulması hüquqi məsuliyyətə səbəb ola bilər.
Qubernator Koster yerli əhalidən turistlərin qaydalara əməl etməməsi halında bununla bağlı xüsusi qaynar xəttə məlumat verməyi xahiş edib.
Qeyd edək ki, 2024-cü ildə Balini 6,3 milyon xarici turist ziyarət edib ki, bu da ötən illə müqayisədə 20% çoxdur. 2025-ci il üçün hədəf 6,5 milyon nəfərdir.
Qiymət Mahir
tag: İndoneziya,Bali,Turist,Qiymət,Artım,Todaypress.az,