Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür
Bu gün
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının
ildönümüdür.
TodayPress xatırladır ki, Azərbaycan paytaxtının azadlığından 106 il ötür.
1918-ci il
sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak
işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
Bununla da
müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və
ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının
erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli
səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan
olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar
erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət
müstəqilliyini təsəvvür etmək çətin idi.
Müstəqilliyə təzə
qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü
təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır
durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin
etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana
göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz
etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında
öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də
Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu
tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı
Gəncədən Bakıya köçürüldü.
Tarix boyu
Türkiyə Azərbaycana daim öz dəstəyini nümayiş etdirib. Bu dəstək həm siyasi,
həm də hərbi formada mümkün olub. İşğal altında olan torpaqlarının azadlığı
uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk
günündən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Belə ki,
Azərbaycanın haqq savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları
və bəyanatları bir daha iki ölkə arasında dostluq və qardaşlığın təcəssümü idi.
Türkiyə Prezidentinin nümayiş etdirdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan
haqq savaşında qələbə qazanmasında mühüm rolu olub.
Azərbaycan və
Türkiyə əlaqələri bu gün də yüksələn xətlə inkişaf edir. İstər Vətən
müharibəsindən əvvəl, istərsə də sonra iki ölkə arasında imzalanan çoxsaylı
sənədlər, qardaş dövlətlərin bir-birinə nümayiş etdirdiyi dəstəyin və birliyin
göstəricisidir.
tag: Bakı, Azərbaycan, Müstəqil, Erməni- Bolşevik, Tarix, todaypress.az,