Avropalı dərman istehsalçıları Aİ-dən qiymət artımı tələb edir

Dünya

23.04.2025 16:36

5

Avropanın ən iri əczaçılıq şirkətləri – “Novartis” və “Sanofi” Avropa İttifaqı rəhbərliyini dərmanlar üçün alış və satış qiymətlərini əhəmiyyətli dərəcədə artırmağa çağırırlar. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” nəşri “Novartis” və “Sanofi” rəhbərlərinin məktubuna istinadla yazıb.

Onlar bu addımı ABŞ tərəfindən mümkün tarif təhdidi fonunda istehsalçıların dəstəklənməsi üçün vacib sayırlar.

Şirkətlərin fikrincə, ABŞ-nin Avropa dərmanlarına sektor üzrə rüsum tətbiq etməsi məhsullarının rəqabət qabiliyyətini azaldacaq. Hazırda Avropa əczaçılıq sənayesinin gəlirlərinin böyük hissəsi ABŞ bazarından gəlir. Orada dərmanların qiyməti digər inkişaf etmiş ölkələrlə müqayisədə 2–3 dəfə yüksəkdir.

Yeni rüsumlar satışların və gəlirlərin azalmasına, Avropa şirkətlərinin ABŞ bazarındakı payını itirməsinə və bu boşluğun Amerika nəhəngləri tərəfindən doldurulmasına gətirib çıxara bilər.

“Novartis” və “Sanofi” rəhbərləri əlavə ediblər ki, Aİ ölkələrində dərmanlara olan aşağı qiymət siyasəti bazar inkişafını süni şəkildə məhdudlaşdırır və innovasiyaların tətbiqinə əngəl törədir.

Onların sözlərinə görə, tariflərə dair qeyri-müəyyənlik Avropa biofarmasevtikasının onsuz da zəifləyən rəqabət gücünü daha da azaldır və investisiya motivasiyasını zəiflədir.

Onlar hesab edirlər ki, Avropa İttifaqı yeni dərmanların yaradılmasını maliyyə alətləri ilə təşviq etməli və dərmanlara ayrılan vəsait üzrə daha yüksək hədəf göstəriciləri müəyyənləşdirməlidir.

Aİ rəsmilərindən biri “FT”yə bildirib ki, İttifaq rəhbərliyi əczaçılıq sektoru ilə bu məsələlərlə bağlı danışıqlar aparır. 

Qiymət Mahir

tag: Avropa,Dərman,İstehsal,Artım,Todaypress.az,