Avropa Rusiyaya qarşı sanksiyaları uzatmağın yolunu axtarır
Dünya
17.01.2025 15:18
Avropa İttifaqı (Aİ) Macarıstanın Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı mümkün vetosunu aradan qaldırmaq üçün müxtəlif tədbirlər üzərində işləyir.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Qeyd olunub ki, dekabrın əvvəlində Macarıstanın Baş naziri Viktor Orban Aİ liderlərinə məhdudiyyətlərin uzadılmasına veto qoyacağını vəd edib.
Beləliklə, sanksiyalar rejimi yanvarın 31-də başa çatacaq. Macarıstan nümayəndəsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-nə planlaşdırılan inauqurasiya mərasimini gözləyir: Amerika lideri sanksiyaları yumşaldsa, Orban da Aİ daxilində bunu etmək niyyətindədir.
Sanksiyalar uzadılmasa, Aİ Ukraynaya 50 milyard dollarlıq kreditin maliyyələşdirilməsi üçün “Euroclear” beynəlxalq depozitarında saxlanılan Rusiyanın dondurulmuş 190 milyard dollarlıq aktivlərini saxlaya bilməyəcək. Ticarətə qoyulan məhdudiyyətlər, eləcə də bir sıra digər qadağalar da aradan qaldırılacaq.
Avropada vetodan yan keçmə variantlarından biri də İkinci Dünya Müharibəsindən qalma Belçika fərmanı olan 81 illik qanundur. Bu, Belçika kralı Filipə dondurulmuş aktivlərin transferini əngəlləməyə imkan verəcək. Bununla belə, ölkə rəhbərliyi bu cür fövqəladə səlahiyyətlərdən istifadənin əleyhinədir, çünki bu addım Belçika ilə Rusiya Federasiyası arasında investisiyalar üzrə ikitərəfli sazişə zərər verəcək.
Xatırladaq ki, daha öncə də Orban Rusiyaya qarşı sanksiyalara mümkün qədər tez və mümkün qədər yenidən baxmağa çağırıb. Onun fikrincə, hansı addımların atılacağını müəyyənləşdirmək üçün vəziyyəti düzgün təhlil etmək lazımdır.
Günəş Mərd
tag: Avropa İttifaqı ,Macarıstan ,Rusiya, Sanksiya, todaypress.az,