Avropa işıqsız qaldı: Nə baş verir?
Avropanın bir sıra ölkələrində genişmiqyaslı elektrik təchizatı nasazlığı baş verib.
TodayPress xəbər verir ki, bu barədə "La Vanguardia" nəşri məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisi yalnız İspaniya və Portuqaliyada deyil, həmçinin Andorra ərazisində, Belçikada və Fransanın bəzi bölgələrində də tamamilə kəsilib.
Nəticədə Madridin Baraxas hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Portuqaliyada internetdə fasilələr müşahidə olunur, Lissabon metrosunun fəaliyyəti isə tamamilə dayanıb. İspaniyada bəzi xəstəxanalarda vəziyyətin kritik olduğu bildirilib. Böyük şəhərlərin küçələrində ciddi tıxaclar yaranıb.
"Financial Times" nəşrinin verdiyi məlumata görə, baş verən nasazlıq nəticəsində İspaniya və Portuqaliyanın enerji sistemləri 10 gigavattdan çox güc itkisinə məruz qalıb. Nəşr bu hadisəni Avropanın müasir tarixində ən böyük elektrik kəsintilərindən biri kimi qiymətləndirib.
Hazırda vəziyyət qeyri-sabit olaraq qalır. Rəsmi qurumlar problemin aradan qaldırılması və enerjinin bərpası üçün intensiv iş aparırlar.
Hadisənin səbəbləri hələlik müəyyən olunmayıb.
Töhfə Səməd
tag: Avropa,İşıq,Barselona,Fransa,todaypress.az,