Autizmin arxasında neandertal genləri ola bilər -ARAŞDIRMA

Dünya

16.06.2024 18:45

Məlumdur ki, müasir insanların onların ən yaxın qohumlarından biri olan neandertallarla cütləşməsindən iki növ arasında gen transferi baş verib. Bu gün Avrasiyada yaşayan insanların genomunun təxminən 2 faizində Neandertal DNT-si var.

TodayPress xəbər verir ki, alimlərin apardığı yeni araşdırma autizm xəstəliyinin arxasında neandertal genlərinin ola biləcəyini ortaya çıxarıb.

Təxminən 40 min il əvvəl nəsli kəsilən neandertalların genləri müasir insanlarla müqayisədə ağrıya, nikotin asılılığına qədər müxtəlif təsirlərə malikdir.

“Molekulyar Psixiatriya” jurnalında dərc edilən araşdırmada bu genlərin autizmlə əlaqəsi araşdırılıb. Autizm spektrinin pozulması sosial ünsiyyətdə problemlərə səbəb olan neyroinkişaf vəziyyətini ifadə edir. Bu pozğunluğun nədən qaynaqlandığı tam olaraq bilinməsə də, genetik və ətraf mühit faktorlarının birgə təsiri olduğu düşünülür.

Tədqiqatçılar Simons Foundation Powering Autism Research layihəsinin ABŞ -da autizm spektri üzrə minlərlə insanın və onların spektrdən kənar qohumlarının(baxı qardaş) genetik məlumatlarını ehtiva edən məlumat bazasından istifadə ediblər.

Alimlər aşkar ediblər ki, əhalinin ən çox 1 faizində rast gəlinən neandertal gen variantı autizmli insanlarda əhəmiyyətli dərəcədə daha çox rast gəlinir.

Qeyd olunub ki, bu variant daha çox autizmli insanlarda, xüsusilə qeyri-İspan qaradərili, İspan əsilli ağ və qeyri-İspan ağdərili qruplarda rast gəlinir.

Tədqiqatçılar bildirir ki, bu nəticələr Neandertal mənşəli DNT-nin ABŞ-da böyük populyasiyalarda autizmə həssaslıqda mühüm rol oynadığını qəti şəkildə göstərir.

Neandertal genləri ilə autizm arasında əlaqə aşkar edilsə də, bu genlərin niyə və necə belə təsirə malik olduğu bilinmir. Əlaqəni aydın şəkildə təsdiqləmək üçün autizmli insanların bütün genomunun daha çox araşdırması və tədqiqi lazımdır.

Məqalə müəlliflərindən biri Emily Casanova deyir ki, tapıntılar autizm spektrində olan insanların "daha çox neandertal" olduqları anlamına gəlmir: “Tədqiqatımızda autizmli insanların ümumiyyətlə daha nadir Neandertal variantlarını daşıdıqlarını aşkar etdik”.

 GÜNEL

 

 

tag: Neandertal, DNT, Avrasiyada,ABŞ,Autizm, todaypress.az,