“Apple” işçilərinin telefonlarına casus proqramlar quraşdırır

Dünya

03.12.2024 17:15

“Apple” işçisi şirkətə qarşı iddia qaldırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Apple”ın reklam texnologiyaları departamentindən Amar Bhaktın sözlərinə görə, şirkət əməkdaşlardan öz şəxsi cihazlarında onların elektron poçtuna, foto arxivinə, sağlamlıq məlumatlarına və digər şəxsi məlumatlarına çıxış imkanı verən proqram təminatı quraşdırmağı tələb edir.

“Şəxsi hesabınızı “iPhone”, “iPad” və ya “Macbook”da istifadə edirsinizsə, cihazda saxlanılan hər hansı məlumat (e-poçtlar, fotoşəkillər, videolar, qeydlər və s. daxil olmaqla) şirkət tərəfindən yoxlanılır” deyə iddiada bildirilib.

Bundan əlavə, o, bildirib ki, “Apple” işçilərə iş şəraitini müzakirə etməyi, media ilə əlaqə saxlamağı və şirkət daxilindəki pozuntular haqqında məlumatı açıqlamağı qadağan edir. 

2020-ci ildən bu şirkətdə çalışan Bhakt bildirib ki, ona podkastlarda işi haqqında danışmaq qadağan edilib və iş şəraiti ilə bağlı məlumatları “Linkedin” profilindən silmək məcburiyyətində qalıb.

“Apple” bütün bunlara cavab olaraq iddiaların əsassız olduğunu və əməkdaşların iş şəraitinin müzakirəsi ilə bağlı illik təlim keçdiklərini bildirib.

Töhfə Səməd

tag: Apple, İşçilər, Telefon, Bhakt, İddia, todaypress.az,