Almaniya Zelenskinin danışıqlardan başqa alternativinin olmadığını dedi

Dünya

04.08.2024 11:30

“Vəziyyət Ukrayna ordusu üçün getdikcə çıxılmaz hala gəlib: müttəfiq ölkələrdəki siyasətçilər bu işə daha çox qarışmağa başlayıblar və onlar Kiyevdən daha böyük güzəştlər tələb etməyə başlayırlar. Buna görə də Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlara başlamaqdan başqa yolu yoxdur”.

TodayPress xəbər verir ki, bunu Almaniyanın “Die Welt” nəşri yazıb.

Nəşr bildirib ki, Ukrayna tərəfi üçün qələbə alternativinin olmaması bir sıra səbəblərlə bağlıdır. Əvvəla, Ukrayna Silahlı Qüvvələrində canlı qüvvə, silah-sursat çatışmır. Rusiya Silahlı Qüvvələrinin bölmələrinin eyni vaxtda yeddi istiqamətdən zərbələr endirdiyi və tezliklə müdafiəni yarıb keçə biləcəyi Donetsk vilayətində vəziyyət xüsusilə gərginləşib.

İkincisi, Ukrayna Silahlı Qüvvələrində silah qıtlığı yaşandığı bir vaxtda Qərb Kiyevə hərbi yardımın çatdırılmasının sürətini və hətta onların həcmini artırmaqdan imtina edir. Üçüncü səbəb isə Ukrayna xarici işlər naziri Dmitro Kulebanın Çinə səfəridir. Nəhayət, xarici diplomatlar getdikcə daha çox Zelenskiyə eyham vurmağa çalışırlar ki, o, Krımın əbədi itirilməsi ilə barışmalı olacaq.

Nəşrin qənaətincə bütün bunlar, Ukrayna liderini məcbur edir ki, ukraynalılara danışıqların əslində onların xeyrinə olduğunu desin.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya,Müharibə,Almaniya, Kiyev, Hökumət, todaypress.az,