Almaniya Slovakiyada Ukrayna hərbi texnikasının təmiri mərkəzini bağlayacaq

Dünya

18.12.2024 14:40

Almaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Slovakiyada yerləşən irihəcmli hərbi texnikasının təmiri mərkəzini bağlamaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə "DPA" agentliyi Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

O, mərkəzin 2024-cü ilin sonuna qədər bağlanacağını təsdiqləyib. 2025-ci ilin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının Almaniyada təmir olunacağı planlaşdırılır. Müdafiə rəsmisinin sözlərinə görə, bu qərarın səbəbi şərtlərin dəyişməsi və təmir işlərinin həddindən artıq mürəkkəbliyi ilə bağlıdır. Agentlik qeyd edir ki, Almaniya və Slovakiya arasında Ukrayna avadanlıqlarının bərpası məsələsində əməkdaşlıq Avropa gömrük qaydalarının şərhi ilə bağlı fikir ayrılıqlarına görə çətinləşib. Bundan əlavə, Ukrayna məsələsində Brüsselin xətti ilə üst-üstə düşməyən müstəqil siyasət yürütdüyünə görə Aİ Slovakiyanın baş naziri Robert Fitsonu tez-tez tənqid edir.

Xatırladaq ki, Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün milyonlarla vəsait ayırıb. 

Töhfə Səməd

tag: Almaniya , Ukrayna, Hərbi, Texnika,Təmir, Mərkəz, todaypress.az,