Alimlər Yer kürəsində kütləvi yox olmanın qarşısını almağın yolunu tapdılar
Dünya
29.06.2024 00:10
Alimlər müəyyən ediblər ki, Yer kürəsini növbəti kütləvi məhv olmaqdan xilas etmək üçün planetin quru səthinin təxminən 1 faizi qorunmalıdır.
TodayPress xəbər verir ki, növlərin yox olması təkamül nöqteyi-nəzərindən təbii prosesdir, lakin geoloji baxımdan bəzən çox saylı növ qısa müddət ərzində yox ola bilir. 2 milyon il ərzində Yer kürəsindəki canlı növlərinin ən azı 75 faizinin yoxa çıxması kütləvi yox olma adlanır.
Bu günə qədər Yer kürəsində ən azı 5 kütləvi yox olma hadisəsi olduğu bilindiyi halda, sonuncusu təxminən 65 milyon il əvvəl planetə düşmüş meteoritlə baş vermiş və dinozavrların sonunu gətirmişdir.
"Frontiers in Science" jurnalında çərşənbə axşamı dərc olunan araşdırmanı aparan qrup 6-cı kütləvi yox olmanın qarşısının alınmasının necə mümkün olduğunu müəyyən etməyə çalışıb.
Biomüxtəliflik məlumatları vasitəsilə Yerin quru səthinin xəritəsini çəkən tədqiqatçılar, növlərin əksəriyyətinin çox məhdud ərazilərdə, müəyyən yerlərdə yaşadığını aşkar ediblər.
Nadir adlandırdıqları və nəsli kəsilməkdə olan növlərin məlumatlarını təhlil edən alimlər müəyyən ediblər ki, 16 825 ərazinin mühafizəsi kütləvi yox olmanın qarşısının alınmasında kritik əhəmiyyət kəsb edir.
Məqalənin müəlliflərindən biri olan Dr. Erik Dinersteyn “Newsweek” jurnalında xəbərdarlıq edərək, "Biz Yer kürəsinin tarixində altıncı kütləvi məhvetmə böhranının ortasındayıq, lakin bu, ilk dəfədir ki, insan fəaliyyəti ilə əlaqələndirilir".
Nəsli kəsilməsinin qarşısı alına biləcək 4700 növ təsbit etdiklərini ifadə edən tədqiqatçılar, bu ərazilərdə daha bir çox növün yəqin ki, qorunmağa ehtiyacı olduğunu vurğulayıblar.
Tropik yağış meşələri qorunmağa ehtiyacı olduğu bildirilən təxminən 17 min ərazinin 76 faizini təşkil edərkən, bu bölgələr Braziliya, Filippin, İndoneziya, Madaqaskar və Kolumbiyada cəmləşib.
Yeni araşdırma 2018-2023-cü illər arasında 1,2 milyon kvadrat kilometr ərazinin qorunduğunu, lakin bunun 10 faizindən azının nəsli kəsilməkdə olan növlərə ev sahibliyi etdiyini qeyd edir.
Tədqiqatçılar vurğulayırlar ki, qorunma səylərini bu növlərin yaşadığı ərazilərə yönəltməklə daha səmərəli nəticələr əldə ediləcək. Onların hesablamalarına görə, yaxın 5 il ərzində bu ərazilər ildə 169 milyard dollar vəsait hesabına qoruna bilər.
Layihə ən çox növlərin yaşadığı tropik bölgələrlə məhdudlaşırsa, xərclər ildə 34 milyard dollara qədər azalır.
Tədqiqatçılar vurğulayırlar ki, bu ərazilərin mühafizəsi hazırda maliyyə baxımından mümkündür, lakin bu, zamanla keçəcək. Komanda bu əraziləri 2030-cu ilə qədər qorumağa çağırır.
Alimlər ümid edirlər ki, bu ərazilərin qorunması planetin 30 faizinin qorunması istiqamətində atılmış ilk addım olacaq ki, bu da iqlim böhranının təsirlərini yavaşlatmaq üçün vacib olan əraziləri qoruyacaq.
GÜNEL
tag: Yer kürəsi, Alimlər, Kütləvi yox olma,Nəsli kəsilməkdə olan, todaypress.az,