Alimlər “görünməmiş” yeni rəng kəşf etdilər
ABŞ-dən olan alimlər qrupu insan gözünün heç vaxt görmədiyi tamamilə yeni bir rəng – “Olo” adlandırılan tonun müşahidə olunduğunu bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə “Science Advances” məlumat yayıb.
Bu sensasiyalı nəticə şəbəkə qişasındakı xüsusi göz hüceyrələrinin (M-tipli kolboçiklərin) hədəfli lazer stimulyasiyası vasitəsilə əldə olunub. Tədqiqat zamanı xüsusi optik sistem — “Oz” cihazı istifadə olunub.
Cihaz lazer, güzgü və linzalardan ibarət kompleks qurğudur və yalnız yaşıl rəngə cavab verən “M-konus”lar hədəfə alınıb. Bu yanaşma ilə alimlər yalnız bir tip reseptorun izolyasiyalı stimullaşdırılmasına nail olublar. Bu, təbiətdə və gündəlik görmədə mümkün olmayan bir vəziyyətdir.
Nəticədə, könüllülər adi rəng spektrində olmayan, mavi-yaşıl çalarlı, intensiv və qeyri-təbii bir rəng müşahidə etdiklərini bildiriblər. Bu ton laboratoriyada “Olo” adlandırılıb. İştirakçılar rəqəmsal rəng şkalasında bu yeni rəngi digər çalarlarla müqayisə edərək təsdiqləyiblər ki, bu, onların indiyədək gördüyü heç bir rəngə bənzəmir.
Alimlər bildirirlər ki, “Olo” beynə göndərilən, lakin təbiətdə mövcud olmayan rəng siqnalının nəticəsidir. Bu siqnal, adətən, digər konusların müdaxiləsi ilə qarışdırıldığından görünməz qalır. Bununla belə, bəzi mütəxəssislər bu yanaşmanı ehtiyatla qarşılayır.
London Universitetindən professor Con Barbur araşdırmanı “texnoloji irəliləyiş” adlandırsa da, “Olo”nun həqiqətən yeni bir rəng kimi qəbul olunmasının hələ də mübahisəli məsələ olduğunu qeyd edib.
Onun fikrincə, qeyri-adi stimullaşdırma yalnız insan beynində süni parlaq və fərqli rəng illüziyası yarada bilər. Hazırda bu müşahidənin praktik istifadəsi və vizual nəzəriyyəyə potensial təsiri üzərində əlavə tədqiqatlar planlaşdırılır.
Qiymət Mahir
tag: ABŞ,Araşdırma,Rəng,Olo,Todaypress.az,