Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirdi
Dünya
10.01.2025 02:44
Avropa Uçuş
Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı aviaşirkətləri və üçüncü
ölkələrin aviadaşıyıcıları üçün Rusiya hava məkanından istifadə ilə bağlı
tövsiyələri sərtləşdirib.
TodayPress xəbər verir ki, bu barədə təşkilatın saytında
məlumat verilib.
“[EASA] bütün uçuş səviyyələrində şərq uzunluğunun 60°
qərbindəki Rusiya hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edir. Tövsiyə həmçinin
EASA-dan təhlükəsizlik icazəsi almış xarici aviadaşıyıcılara da (üçüncü ölkə
operatorları) şamil edilir” məlumatda deyilir.
Tövsiyə 31 iyul 2025-ci ilədək qüvvədədir və yenidən
nəzərdən keçirilə bilər. EASA Avropa Komissiyası ilə birlikdə Aİ və üçüncü ölkə
operatorlarının risk təsirinə məruz qalmasını qiymətləndirmək üçün vəziyyəti
diqqətlə izləməyə davam edəcək.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”
aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”
təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38
nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında
Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Prezident İlham Əliyev AzTV-ə müsahibəsində bəyan edib
ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir:
“İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü,
günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və
Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat
ödəməlidir. Bu, bizim şərtlərimizdir”.
tag: Aİ, Qanun, Təyyarə, EASA, AVropa, todaypress.az,