Ağ Evdə Baydenlə Tramp arasında görüş olacaq
Dünya
13.11.2024 03:44
ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü
Ağ Evdəki Oval kabinetdə yeni seçilmiş prezident Donald Trampla görüşəcək.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin
nümayəndəsi Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, görüş Şərq vaxtı ilə saat 11:00-da
(Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Amerika mətbuatı qeyd edib ki, vəzifədən gedən və gələn
ABŞ liderləri arasında bu cür görüşlər ənənədir və hakimiyyətin bir
prezidentdən digərinə sülh yolu ilə ötürülməsinin başlanğıcını qeyd etmək
məqsədi daşıyır.
Lakin 2020-ci ildə seçkidə uduzan Tramp məğlubiyyətini
etiraf etməyib və bu adətə məhəl qoymayıb. O, həmçinin Baydenin 2021-ci ildə
andiçmə mərasimində iştirak etməyib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib.
Respublikaçı Donald Tramp Demokratlar Partiyasının namizədi Kamala Harris
üzərində inamlı qələbə qazanıb. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın
20-nə planlaşdırılıb.
tag: Ağ Ev, ABŞ,Bayden, Tramp, Seçki, todaypress.az,