Ağ Ev dekabrda Qəzza razılaşmasına nail olacağına ümid edir
Dünya
13.12.2024 06:23
ABŞ administrasiyası dekabrda Qəzza
zolağında atəşkəs və Fələstinin “HƏMAS” hərəkatının saxladığı girovların azad
edilməsi ilə bağlı razılığa gəlməyə ümidvardır.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Prezidentinin
milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Təl-Əvivdə keçirdiyi mətbuat
konfransında bildirib.
O, İsrailin Baş naziri Benyamin Netanyahunun razılığa
gəlməzdən əvvəl yeni seçilmiş prezident Donald Trampın 2025-ci il yanvarın
20-də andiçmə mərasiminə qədər gözləməsi ilə bağlı təkliflərlə bağlı yayılan
məlumatlara da münasibət bildirib:
“Xeyr, məndə belə bir hiss yoxdur. Məndə belə bir hiss
var ki, Baş nazir razılaşmaya hazırdır. Məqsədim bizi bu ay bu razılaşmanı əldə
edə biləcəyimiz bir vəziyyətə gətirmək olacaq. Mən sizə heç bir vəd və ya
proqnoz verə bilmərəm, amma bütün bunların 20 yanvara qədər gözləyəcəyini
düşünsəm, bu gün burada olmazdım”.
Onun sözlərinə görə, İsrail razılaşmaya hazır olduğunu
açıq şəkildə bəyan edib və “HƏMAS” razılaşmalara nail olmaq istəyini nümayiş
etdirir:
“Bu, olmaya bilər, amma inanıram ki, hər iki tərəfdə siyasi
iradə olarsa, bu, baş verə bilər. Livanda atəşkəs sazişi bağlandıqdan sonra
“HƏMAS”ın danışıqlarda mövqeyi dəyişib. Həmin andan etibarən danışıqlar fərqli
xarakter almağa başlayıb və hesab edirik ki, bu, bizə onları başa çatdırmaq
imkanı verir”.
tag: ABŞ, Ağ Ev, Livan, Atəşkəs,Qəzza, todaypress.az,