Afrikalı liderlər Konqoda vasitəçiliyə başlayırlar

Dünya

25.03.2025 17:15

2106

Konqo Demokratik Respublikasının şərqində davam edən təhlükəsizlik böhranını aradan qaldırmaq məqsədilə beş sabiq Afrika liderindən ibarət vasitəçilik heyəti formalaşdırılıb. 

TodayPress xəbər verir ki, bu barədə Şərqi Afrika Birliyi və Cənub Afrika İnkişaf İcmasının (SADC) birgə yaydığı bəyanatda məlumat verilib. 

Martın 24-də keçirilmiş virtual sammit zamanı açıqlanan qərara əsasən, heyətə Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo, Keniyanın sabiq prezidenti Uhuru Kenyatta, Cənubi Afrikanın sabiq prezidenti Kqalema Motlanthe, Mərkəzi Afrika Respublikasının keçmiş prezidenti Ketrin Samba Pansa və Efiopiyanın sabiq prezidenti Sahle-Work Zevde daxil edilib.

Təyinat zamanı gender bərabərliyi, regional təmsilçilik və dil müxtəlifliyi prinsipləri əsas götürülüb.

Bəyanatda qeyd olunub ki, növbəti yeddi gün ərzində ilk rəsmi məlumatlandırma sessiyası keçiriləcək. 

Son aylarda Konqo hökumət qüvvələri ilə “Mart 23 Hərəkatı” (M23) üsyançı qrupu arasında toqquşmalar daha da şiddətlənib. M23 qruplaşması Şimali Kivu və Cənubi Kivu vilayətlərində genişmiqyaslı hücumlara başlayıb. 

Mineral resurslarla zəngin olan ölkənin şərq bölgələri uzun illərdir müxtəlif silahlı qrupların toqquşma məkanına çevrilib.

Tərəflər koltan, qalay, tantal və qızıl kimi qiymətli mədənlərə nəzarət uğrunda mübarizə aparır. 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, yalnız 2025-ci ilin yanvar ayının sonundan bəri təxminən 1 milyon insan, o cümlədən 400 minə yaxın uşaq məcburi köçkünə çevrilib.

Münaqişə davam etdikcə bu sayın artacağı gözlənilir. 

Qiymət Mahir

tag: Afrika,Liderlər,Görüş,Konqo,Atəşkəs,Todaypress.az,