ABŞ və Aİ Gürcüstandakı seçki pozuntularını araşdırmağa çağırdı
Dünya
28.10.2024 12:50
ABŞ və Avropa İttifaqının (Aİ) hakimiyyət orqanları oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində yol verilən bütün pozuntuları araşdırmağa çağırıb.
TodayPress xəbər verir ki, ABŞ Dövlət Katibi Antoni Blinken öz bəyanatında beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad və ədalətli keçirmədiyini bildirib.
"Biz beynəlxalq normaların bütün pozuntularını pisləyir, beynəlxalq və yerli müşahidəçilərin Gürcüstanda seçki pozuntuları ilə bağlı xəbərləri tam araşdırmaq çağırışlarına qoşuluruq" deyə Blinken bildirib.
Aİ-nin xarici işlər üzrə baş komissarı Cozef Borrell də Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəyinə istinad edib. Borrell Gürcüstanın MSK-sını və digər dövlət qurumlarını üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, operativ, şəffaf və müstəqil araşdırma aparmağa və seçki pozuntuları ilə bağlı qərar qəbul etməyə çağırıb.
“Bu pozuntular aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Bu, seçki prosesinə etimadın bərpası baxımından zəruri addımdır” deyə o, bildirib.
Qeyd edək ki, “Gürcü arzusu” partiyası qalib gəlib. Müxalifət seçkinin nəticələrini qəbul etməkdən imtina edib. “Dəyişikliklər Koalisiyası” siyasi birliyi və “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri mandatlarından imtina ediblər. Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərin nəticələrini tanımaqdan imtina edib, etiraz çağırışları edib.
Töhfə Səməd
tag: ABŞ, Avropa İttifaqı, Blinken, Gürcüstan, Borrell, todaypress.az,