ABŞ süni intellekt texnologiyalarının yayılmasının qarşısını alacaq
Dünya
13.01.2025 16:01
Bayden administrasiyası səlahiyyət müddətinin son günlərində yerli istehsal olan yarımkeçiricilərin və süni intellekt texnologiyalarının ixracı qaydalarını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Vaşinqton rəhbərliyi süni intellektin təhlükəsizlik və iqtisadi güc üçün əsas amilə çevrildiyini hesab edir. Birləşmiş Ştatlar bu keçiddə lider mövqe tutmaq üçün qətiyyətlə hərəkət etməli və Amerika texnologiyasının bütün dünyada süni intellektdən istifadə üçün əsas məkan olmasını təmin etməlidir.
“Rəqiblərin qabaqcıl süni intellektdən asanlıqla sui-istifadə edə bilməyinin qarşısını almalıyıq" deyə bəyanatda bildirilib.
Yeni reqlamentə əsasən, ABŞ heç bir məhdudiyyət olmadan 18 müttəfiq və tərəfdaş ölkəyə yarımkeçiricilər və süni intellekt texnologiyaları təqdim edə bilər.
Məhdudiyyətlər həmçinin bu ölkələrdə, eləcə də ABŞ-nin özündə yerləşən təhlükəsizlik tələblərinə cavab verən özəl şirkət və təşkilatlara şamil edilmir. Vaşinqton süni intellekt sahəsində texnologiyaların tədarükünə kvota, həmçinin müttəfiq və tərəfdaş dövlətlərdən kənarda yerləşən şirkət və təşkilatlar üçün müvafiq lisenziyanın alınması tələbini tətbiq edir.
Əlaqədar ölkələrə münasibətdə ABŞ ən güclü süni intellekt modellərinin ötürülməsinə məhdudiyyətlər qoyur. Bundan əlavə, tənzimləmə süni intellekt texnologiyalarında istifadə edilən qabaqcıl çiplərin bu ölkələrə tədarükünə mövcud qadağanı təsdiq edir.
ABŞ-nin ticarət naziri Cina Raymondon brifinqdə deyib ki, Vaşinqton süni intellekt texnologiyalarının ölkənin rəqibləri tərəfindən nüvə modelləşdirmə, bioloji silahların inkişafı və hərbi modernləşdirmə üçün istifadə oluna biləcəyindən qorxur.
Onun mövqeyinə görə, Birləşmiş Ştatlar beləliklə milli təhlükəsizlik sahəsində təhdidlərə qarşı müdafiəni təmin edir.
Raymondo qeyd edib ki, yeni qaydalar 120 gün ərzində qüvvəyə minəcək.
Töhfə Səməd
tag: ABŞ ,Süni ,İntellekt ,Bioloji, todaypress.az,