ABŞ Skandinaviyada bu hərəkatı terror təşkilatı siyahısına saldı

Dünya

16.06.2024 02:00

ABŞ Skandinaviya Müqavimət Hərəkatını (NRM) terror təşkilatı kimi tanıyıb.

TodayPress xəbər verir ki, ABŞ Dövlət Departamentinin cümə günü verdiyi açıqlamada, Neo-Nasist NRM qrupunun "Xüsusi Təyin olunmuş Qlobal Terrorçular" siyahısına daxil edildiyi bildirilib.

Təşkilatın yüksək vəzifəli şəxsləri arasında yer alan İsveç vətəndaşları Tor Fredrik Vejdeland, Pär Öberg və Leif Robert Eklundun da siyahıya əlavə olunduğu bildirilib.

Bəyanatda, NRM-nin “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə yaratdığı” iddia edilib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller, NRM-nin "irqçi, anti-immiqrant və antisemitizm" aksiyaları təşkil etdiyini və təşkilatın siyasətçiləri, jurnalistləri və etirazçıları hədəf aldığını deyib.

Terror təşkilatı siyahısına salınan qrupun ABŞ-dəki bütün aktivlərinin dondurulduğu və üzvlərinə Amerika maliyyə sistemi vasitəsilə əməliyyatlar aparmasının qadağan edildiyi bildirilib.

Amerika mediası CNN ABŞ prezidenti Co Baydenin ilk dəfə olaraq ağdərililərin üstünlüyünü qoruyan qruplaşmanı terror təşkilatı kimi tanıdığına diqqət çəkib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp da 2020-ci ildə ağdərililərin üstünlüyünü müdafiə edən Rusiya İmperator Hərəkatını (RİM) terror təşkilatları siyahısına salıb.

GÜNEL

tag: Skandinaviya, ABŞ, Terror təşkilatı, Ne-Nasist, todaypress.az,