ABŞ Rusiyadan asılılığını azaltmaq üçün Serbiyaya dəstək verəcək
Dünya
14.10.2024 11:16
ABŞ Serbiyanın Rusiyadan qalıq yanacaq idxalından asılılığını azaltmaq və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək səylərini dəstəkləyəcək.
TodayPress xəbər verir ki, bu prosesə kömək edəcəyinə dair vədləri Balkan ölkəsinə səfəri zamanı ABŞ dövlət katibinin iqtisadi artım, enerji və ətraf mühit üzrə müşaviri Xose Fernandes səsləndirib.
Uzun müddət Rusiya qazından asılı olan Serbiya cənubda Yunanıstandakı mayeləşdirilmiş təbii qaz (LNG) terminalından, şərqdə isə Azərbaycandan tədarük kanallarını diversifikasiya etməyə çalışır. Bununla belə, Serbiyadakı yeganə neft emalı zavodu (NEZ) “Naftna Industrija Srbije” (NIS – Serbiyanın ən böyük neft-qaz şirkəti) tərəfindən idarə olunur.
Xatırladaq ki, bir ay əvvəl ABŞ və Serbiya enerji layihələri və kritik mineralların tədarükü üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər. “Rio Tinto Group” Balkanlarda Avropanın ən böyük litium mədənini açmağı, “UGT Renewables” Serbiyada bir giqavatlıq günəş elektrik stansiyasını işə salmağı, “Bechtel Corp” isə Rumıniya ilə sərhəddə Dunay çayında 2,4 giqavatlıq su elektrik stansiyası tikməyi planlaşdırır.
Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) isə bildirib ki, sanksiyalara baxmayaraq, Qərb ölkələri hüquqi boşluq sayəsində Rusiyadan yanacaq almağa davam edir.
Töhfə Səməd
tag: ABŞ ,Serbiya ,Rusiya , Xose Fernandes ,Azərbaycan ,Yunanıstan ,todaypress.az,