ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır
Dünya
25.01.2025 23:51
ABŞ ərazisinə qanunsuz daxil olan
miqrantlar hərbi təyyarələrlə ölkədən hər gün deportasiya ediləcək.
TodayPress xəbər verir ki, bunu ABŞ Prezidenti Donald
Tramp tərəfindən sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyası
üzrə məsul şəxs təyin edilmiş Tomas Homan ABC telekanalına müsahibəsində
bildirib.
Homan qeyd edib ki, bu uçuşlar miqrantların deportasiyası
üzrə daha geniş planın yalnız bir hissəsidir. O həmçinin qanunsuz miqrantlara
problemin həlli üçün başqa bir variant – könüllü getməyi təklif edib.
“Əgər siz ölkədə qanunsuz olarsınızsa, biz sizinlə məşğul
olacağıq, çünki bu ölkənin qanunlarını pozmaq olmaz. Siz başa düşməlisiniz ki,
bu ölkənin sərhədini qanunsuz keçməklə qanunu pozursunuz. Beləliklə, ölkədə
qanunsuz olarsınızsa, sizin problemləriniz var. Ümid edirəm ki, belə insanların
hamısı gedəcək” rəsmi şəxs vurğulayıb.
Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ – Meksika
sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman
imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların “fəlakətli
müdaxiləsinin” qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan
verəcək. Daha əvvəl respublikaçı dəfələrlə immiqrasiya siyasətinin
sərtləşdirilməsi və qanunsuz miqrantların məcburi deportasiyası lehinə çıxış
edib.
tag: Tramp, ABŞ, ABC, Miqrant, Təyyarə, todaypress.az,