ABŞ-dən Misirə 25 tarixi artefakt qaytarıldı
ABŞ-dən Misirə qədim Misir sivilizasiyasına aid 25 tarixi və bədii baxımdan əhəmiyyətli artefakt geri qaytarılıb.
TodayPress xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Misirin Nyu-Yorkdakı Baş Konsulluğunun nəzarəti altında həyata keçirilən repatriasiya prosesi nazirlik tərəfindən son dövrlərdə bərpa olunan ən iri miqyaslı arxeoloji qaytarma əməliyyatı kimi qiymətləndirilib.
Qaytarılan əşyalar arasında daş və taxta sarkofaq qapaqları, keramik və qızıl suyuna salınmış dəfn maskaları, iri alabastr qab, eləcə də Qədim Yunan-Roma dövrünə (təxminən eramızdan əvvəl 332 – eramızın 640-cı illəri) aid bir qadının portreti yer alır.
Bundan başqa, I Ptolemey dövrünə məxsus nadir qızıl sikkə, müxtəlif metallar və qiymətli daşlardan hazırlanmış zinət əşyaları, habelə qədim Misir inanc və incəsənətini əks etdirən kiçik bürünc və daş heykəlciklər də kolleksiyaya daxildir.
Bərpa prosesi Misirin Nyu-York Baş Konsulluğu, Nyu-York Şəhər Prokurorluğu və ABŞ-ın müvafiq təhlükəsizlik orqanlarının birgə əməkdaşlığı çərçivəsində baş tutub. Həmçinin, artefaktlara sahib olan bir sıra şəxsi kolleksiyaçılarla aparılan uzunmüddətli danışıqlar nəticə verib.
Əməliyyata Misirin Turizm və Qədim Əsərlər Nazirliyi, Xarici İşlər Nazirliyinin Mədəniyyət Sektoru və Baş Prokurorluğu da dəstək göstərib.
Qeyd edək ki, Misir son illərdə dünya miqyasında oğurlanmış tarixi artefaktların qaytarılması üzrə səylərini gücləndirib və öz qədim irsini qorumaq üçün beynəlxalq miqyasda ciddi kampaniyalar həyata keçirir.
Qiymət Mahir
tag: ABŞ,Misir,Artefakt,Mədəniyyət,todaypress.az,